Səhiyyə sistemində səlahiyyət davası - İslahatlar qaçılmazdır

13:20 11.02.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan səhiyyəsi, artıq bir ilə yaxındır ki, koronavirus pandemiyası ilə mübarizə aparır. Bu müddət ərzində ölkə səhiyyəsi mövcud durumla bağlı yaranmış çağırışlara müəyyən qədər cavab versə də, bəzi məsələlərdə vətəndaş məmunluğu yaradıla bilmədi. Məsələn, pandemiya dövründə koronavirusa yoluxan xəstələr Səhiyyə Nazirliyi ilə TƏBİB arasında qaldılar. Bu qurumlar arasında səlahiyyətlərin mütəmadi olaraq artırıb-azaldılması vətəndaşları çaş-baş hala qoydu. Bundan istifadə edən sözügedən qurumlar isə necə deyərlər, vətəndaşla siçan-pişik oyunu oynadılar. Nəticədə bəzi xəstələr uçün tibbi xidmətlər heç də əlçatan olmadı və onlar öz hesablarına müalicə almaq məcburiyyətində qaldılar.   

Bəs, görəsən, postpandemiya dövründə səhiyyə sistemində islahatların həyata keçirilməsinə ehtiyac varmı? Bununla bağlı qanunvericilik bazasına dəyişikliklər edilməlidirmi? Vətəndaşın həm dövlət, həm özəl tibb sahəsində təklif olunan xidmətlərə əlçatanlığının təmin olunması üçün hansı addımlar atılmasına ehtiyac var?

Səlahiyyətlərin bölgüsündə hələ də mübarizə gedir

Azərbaycan İqtisad Universitetinin dosenti, iqtisadçı-ekspert Azər Mehtiyev hafta.az-a açıqlamasında bildirib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi tibb sahəsində islahatların başlanıldığı anlamına gəlir:

“Əslində tibbi sığorta uğurla və düzgün tətbiq olunarsa, bu pasiyentlərin yersiz xərclərdən, yersiz müayinələrdən azad olunmasına gətirib çıxara bilər. Ən azı, aparılan müayinə və müalicələrin nə dərəcədə keyfiyyətli aparılmasına nəzarət edəcək sığorta qurumu olacaq. Vəsait sığorta qurumu tərəfindən ödənildiyindən hər bir pasiyent üzrə zəruri müayinə və müalicələrin aparılıb-aparılmadığını yoxlayacaq. Həm də zəruri müalicə protokollarının olması tələb ediləcək. İnsanlar özləri də həmin protokollarla tanış olanda biləcəklər ki, həkim ona nə dərəcədə doğru müayinə və müalicə təyin edib. Bunun əsasında proseslərə nəzarət imkanına malik olmaq mümkündür. Yəni, birincidərəcəli məsələ icbari tibbi sığortanın düzgün təşkilidir. İkincidərəcəli məsələ isə səhiyyə sistemində idarəetmədə olan qarışıqlıq aradan qaldırılmalıdır. Məsələn, Səhiyyə Nazirliyi əvvəllər həm nazirlik, həm təsərrüfat funksiyasını yerinə yetirirdi. İndi bu funksiyaları ayırmaq istəsələr də, ancaq hələ də çoxhakimiyyətlilik hökm sürür. Bir tərəfdən, İcbari Tibbi Sığorta Agentliyi var, bir tərəfdən, TƏBİB var və xəstəxalara nəzarət edir, bir tərəfdə də Səhiyyə Nazirliyi var ki, poliklinikalara nəzarət edir. Bu səlahiyyətlərin bölgüsündə, sanki mübarizə gedir. Səhiyyə siyasəti ilə təsərrüfat funksiyaları bir-birindən ayrılmalıdır. Bu təmin olunmayınca, səhiyyə sahəsində inhisarçılığı aradan qaldırmaq mümkün olmayacaq. Təbii ki, bu, təmin olunarsa icbari tibbi sığorta islahatlarının nəticələri böyük fayda verə bilər. Nəticədə, özəl tibb müəssisələri də insanlar üçün əlçatan ola bilər. Əslində, hökümət tibbi sığortanı tətbiq edərkən özəllə dövlət müəssisəsi arasında fərq qoymalı deyil. Elə sistem yaradılmalıdır ki, insanlar həmin tibbi xidmətləri özəl müəssisədən də ala bilsinlər. Nəhayət, tibbi sığorta paketinə daxil olan xidmətlərlə, paketə daxil olmayan ödənişli xidmətlər arasında düzgün nəzarətin təmin olunması vacibdir”.

Səhiyyə sahəsində idarəetmə ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə də ehtiyac var

Ekspert öz açıqlamasında onu da vurğulayıb ki, hökumət dərman bazarı sahəsində də hərc-mərcliyə son qoymalıdır:  “Azərbaycana dərman gətirməsi inhisarlaşıb. Hazırda bazarda hərc-mərclik hökm sürür və dərmanların qiyməti sürətlə artır. Ən vacibi isə dərmanların keyfiyyəti ilə bağlı çoxlu problem var və ona görə də müalicə effekti azalıb. Hökumət bu sahədə inhisarçılığı aradan qaldırmalı və ölkəyə idxal olunan bütün dərmanların keyfiyyətinə nəzarət məsələsi düzgün təşkil olunmalıdır”.

Onun sözlərinə görə, səhiyyə sahəsində idarəetmə ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə də ehtiyac var: “Bu məsələdə qurumların hər birinin səlahiyyətləri dəqiqləşdirilməlidir. Bizdə TƏBİB keçici bir qurum olaraq meydana çıxıb. Hesab olunur ki, xəstəxanaların hamısı müstəqilləşdiriləcək və müstəqil idarəetməsi olacaq. Bu da zaman tələb edən məsələdir. Bunun üçün kadr hazırlığı olmalıdır. O ki qaldı, əhaliyə münasibətdə səhiyyə qanunvericiliyinə dəyişiklik edilib-edilməməsinə, əslində, mövcud problemlərin kökü elə qanunların düzgün tətbiq olunmamasından irəli gəlir”.

Özəl tibbi xidmət niyə bahadır?

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Səhiyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova isə ümid edir ki, icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqindən sonra vətəndaşlarının tibbi xidmətlərə əlçatanlılığı xeyli yüksələcək:

“Mən həm vətəndaş, həm də həkim olaraq buna ümid edirəm. Bəzi rayonlarımızda tibbi sığorta pilot layihə olaraq tətbiq olunur. Həmin rayonlarda seminarlarda olarkən müşahidə etdik ki, layihə ilə bağlı həm həkimlər, həm də vətəndaşlar müsbət fikirdədirlər. Ümid edirik, bu layihə bütün ölkəni əhatə edəndən sonra tibbi xidmətlərə əlçatanlıq yüksələcək”.

İndi hansı televiziyanı açırsan, verilişlərdə ancaq özəl tibb müəssisələrindən olan həkimlərin reklamları gedir

Onun sözlərinə görə, hazırda özəl tibb müəssisələrində qiymətlərin həddindən artıq baha olmasının da müxtəlif səbəbləri var: “Burada ilk növbədə kütləvi informasiya vasitələrində gedən reklamlar böyük rol oynayır. İndi hansı televiziyanı açırsan, verilişlərdə ancaq özəl tibb müəssisələrindən olan həkimlərin reklamları gedir. Vətəndaş da baxır ki, bu adam hər gün televiziyadadır və avtomatik olaraq həmin həkimi axtarıb tapır. İnanın ki, həmin həkimlərin əksəriyyəti bizim rezidentlərdir. Bəzən tv-lərə çıxanda da müəyyən mövzularla bağlı bizdən məsləhət alırlar. Burada etiraf olunmalı bir məsələ də var ki, özəl klinikalarda olan laboratoriyalar dövlət klinikalarında yoxdur. Biz də xəstələri məcbur olub, özəl klinikalara analiz verməyə göndəririk. Nəticədə, pasiyentlər üçün əlavə xərclər meydana çıxır. İndi biz də səbirsizliklə Bakıda icbari tibbi sığortanın tətbiqini gözləyirik. Güman edirik, bu islahatdan həm həkimlər, həm də xəstələr razı qalacaqlar”.

Yaxın illərdə yüksək səviyyəli tibbi xidmət vədi

Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı hafta.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycanda bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir:

“Vətən Müharibəsindən yenicə çıxmağımıza, koronavirus pandemiyası ilə hələ də mübarizə aparmağımıza baxmayaraq ölkədə islahatlar davam etdirilir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində davamlı inkişaf müşahidə edilir.

Koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin açıq təzahürüdür

Hər bir dövlət üçün əhalinin sağlamlığının qorunması əsas prioritetlərdəndir. Dövlətin nə qədər resursu olsa da, sağlam vətəndaşı olmadan həmin resursu bazara çıxarmaq qeyri-mümkündür. Bu gün ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsi son elmi texnoloji yeniliklərin tətbiqi sahəsində mümkün olub. Məhz pandemiya dövründə ölkə səhiyyəsinin bu duruma adekvat olması reallığı tam əks etdirir. Koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin açıq təzahürüdür. Bununla paralel vətəndaşların sağlamlığına xidmət edən icbari tibbi sığorta modelinin ölkəmizdə tətbiqi mühüm əhəmiyyət kəsb edir. Ölkədə icbari tibbi sığortanın tətbiqi elə səhiyyə sahəsində köklü islahatların aparıldığı deməkdir. İslahat vətəndaşların tibbi xidmətlərə əlçatanlılığının təmin olunmasına hesablanıb.

Bildiyiniz kimi, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə həyata keçirilir. Bu istiqamətdə ilk olaraq Mingəçevir, Yevlax və Ağdaşda pilot layihələr icra edildi və alınan nəticələr çox müsbət oldu, hətta ürək əməliyyatı da aparıldı. Pilot layihələrlə əhatə olunmuş şəhərlərdə həm tibbi xidmətin keyfiyyəti artdı, həm də vətəndaşların məmnunluğu yüksək səviyyədə oldu. Əgər ötən il pandemiya baş verməsəydi, 2020-ci ildə icbari tibbi sığorta bütün ölkəni əhatə edəcəkdi. Pandemiya səbəbindən bu məsələ yubandı  və bu il bütün ölkəni əhatə edəcək. İcbari tibbi sığortanın tətbiqində yüksək maddi-texniki bazaya malik olan səhiyyə müəssisələrinin əhəmiyyəti böyükdür”.

Millət vəkili vurğulayır ki, icbari tibbi sığorta yeni bir model olduğundan bu məsələdə hansısa çatışmazlıqların baş verməsinə normal yanaşılmalıdır: “Bu sahə bizdə yenidir. Gələcəkdə daha da inkişaf edəcək. Vətəndaşlar hələ bu ildən əməkhaqlarından icbari tibbi sığorta haqqı ödəyirlər. Həssas qrupların tibbi sığorta xərclərini isə dövlət qarşılayır. Əminəm ki, vətəndaşlar yaxın iki il ərzində icbari tibbi sığortanın ən yüksək səviyyədə tətbiqinin şahidi olacaqlar. Vətəndaşlar yaşadıqları yerdən asılı olmayaraq ən yüksək səviyyədə tibbi xidmətlə təmin olunacaqlar”.

Yeri gəlmişkən

Prezident İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak edərkən AzTV-yə müsahibəsi zamanı səhiyyə sahəsindəki mövcud vəziyyətdən də danışıb. 

Dövlət başçısı vurğulayıb ki, bütün bölgələrində ən müasir standartlara cavab verən xəstəxanaların tikintisi proqramı bütövlükdə artıq başa çatmaq üzrədir:

«Çünki ölkəmizin bütün bölgələrində xəstəxanalar fəaliyyət göstərir. Son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyə sistemimizin bu xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Bundan sonra, əlbəttə ki, biz, ilk növbədə, səhiyyə sisteminin təkmilləşdirilməsi və tibbi xidmətin xüsusilə indiki dövrdə keyfiyyətini artırmaq üçün əlavə addımlar atacağıq».

Dövlət başçısı bildirib ki, bütün bölgələrdə ən müasir xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri fəaliyyət göstərir. Əgər biz buna nail olmasaydıq, son illərdə hər il 5 milyon insan tibbi müayinədən keçə bilməzdi.

«Biz indi, icbari tibbi sığorta sisteminə keçmişik. Bu keçid də mərhələli yollarla həll olunub. Pilot layihələrin icrası bizə ilkin məlumatlar verib və məlumatlar da çox müsbət idi. Pilot layihələrlə əhatə olunmuş üç şəhərdə həm tibbi xidmətin keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların məmnunluğu yüksək səviyyədə idi. Ona görə biz artıq bu sistemə də keçmişik. Əgər müasir xəstəxana fondu olmasaydı, buna keçmək mümkün olmazdı. Yəni, biz hər şeyi ardıcıllıqla edirik və yəqin ki, gələn 1-2 il ərzində böyük xəstəxanaların tikintisinə artıq son qoyulacaq və daha çox səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi istiqamətində addımlar atılacaqdır».